Azenru

SİNAM şirkəti Tanzaniyada texnoloji tenderdə iştirak edir

 

Azərbaycan şirkəti SINAM Tanzaniya Respublikasının Gəlirlər üzrə Səlahiyyətli Dövlət Orqanının “İnteqrasiya olunmuş Daxili Gəlirlərin İdarə olunması Sisteminin təchizatı və tətbiqi” üzrə açıq tenderində iştirak edir. Tenderin tələblərinə görə, Tanzaniyada 5 milyondan 15 milyonadək vergi ödəyicisinə (müştəriyə) xidmət göstərən və 50-dən yuxarı vergi növünü dəstəkləyən informasiya sistemi qurulmalıdır. Tenderdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 8 şirkət iştirak etmişdir. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 2 ay müddətində məlum olacaqdır.

SINAM şirkəti özünün tam funksional “İnteqrasiya olunmuş Verginin İdarə olunması Sistemi” adlanan həlli ilə iştirak etmişdir. Bu sistem artıq Qırğızstanda Asiya İnkişaf Bankının layihəsi çərçivəsində müvəffəqiyyətlə tətbiq olunmuş və beynəlxalq ekspertlərin müsbət rəyini qazanmışdır.

Məlum olduğu kimi, SINAM şirkəti Azərbaycanda elektron hökumət həllərinin tətbiqində böyük təcrübə qazanmışdır və artıq bir neçə ildir ki, Azərbaycanın iqtisadi siyasətinin prioritetlərinə uyğun olaraq, xarici bazarlara yüksək texnologiyaların ixracına başlamışdır. Afrika qitəsində yerləşən ölkələrin informasiya texnologiyaları sahəsində indiki durumunu nəzərə alsaq, gözləmək olar ki, təcrübəli Azərbaycan şirkəti SINAM bu regionun bir sıra ölkələrində elektron hökumət üzrə davamlı tərəfdaş ola bilər. Bununla yanaşı qeyd etmək istərdik ki, Afrika ölkələri hazırda dünyanın aparıcı İT-şirkətlərinin diqqət mərkəzindədir və regiona çıxış yüksək rəqabətliliyi ilə seçilir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız