 Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi Son illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elektron ödəniş sistemlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə dəstəyindən istifadə edilməklə həyata keçirilən ardıcıl və davamlı islahatların nəticəsində ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi yaradılmışdır.
Bu arxitekturanın əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi (AZİPS) 16 fevral 2001-ci il tarixində, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci ilin sonlarında yaradılaraq istifadəyə verilmişdir. Bu sistemlərin istismara verilməsi nəticəsində banklar arasında hesablaşmaların real rejimdə aparılmasına, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, eyni zamanda, kiçik həcmli və təkrarlanan xırda ödənişlərin elektron daşıyıcılar əsasında həyata keçirilməsinə, kommunal xidməti müəssisə və təşkilatlarının, böyük sayda xırda ödəniş əməliyyatları aparan hökümət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradılmışdır.
Milli Ödəniş Sisteminin yaradılması və inkişaf etdirilməsi strategiyasının davamı kimi, sağlam rəqabət prinsipləri əsasında bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət müəssisələrinin, geniş əhali təbəqəsinin, o cümlədən pensiyaçıların və təqaüdçülərin yaradılmış infrastruktur imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılması, qeyri-bank təşkilatlarının ödəniş sistemlərinə texnoloji inteqrasiyasının təmin olunması tədbirləri həyata keçirilməli, vahid elektron ödəniş məkanı yaradılmalı idi. Bu məqsədlərə çatmaq üçün Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2004-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramının əsas tədbirlərindən biri kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkşaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloji inteqrasiyanın həyata keçirilməsi, kommunal xidmətləri üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi olmuşdur. Bu tədbirin icrası məqsədilə Mərkəzi Bank tərəfindən uzun müddət araşdırmalar aparılmış, kommunal xidməti haqlarının yığılması istiqamətində xarici təcrübə öyrənilmiş, bu sahədə mövcud olan informasiya sistemlərinin funksional imkanları analiz edilmişdir. Bütün bu araşdırmaların nəticəsində Milli Ödəniş Sisiteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) konsepsiyası hazırlanmış və təsdiq edilmişdir.
Sistemin konsepsiyasının əsas mahiyyəti respublikada fəaliyyət göstərən kommunal və digər kütləvi xidmət təşkilatları üzrə mərkəzləşdirilmiş elektron abonent bazasını yaratmaq, bu abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş məntəqəsində borclarını öyrənmək və ən müasir ödəniş mexanizmləri vasitəsilə ödənişlərini aparmaq imkanı yaratmaqdan ibarət olmuşdur.
Qeyd edildiyi kimi, Dövlət Proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində, dünyanın bir çox ölkəsində geniş istifadə olunan CheckFree i-Series informasiya sisteminin bazasında yerli tələblərə tam uyğunlaşdırılmış bir sistem yaradılmış və 11 iyul 2008-ci il tarixində istifadəyə verilmişdir.
Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş xidməti nöqtəsində kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastik kartlar, bank köçürmələri, “Internet Banking”) vasitəsilə ilə ödəniş aparmaq imkanı yaradılmışdır. Sistemə qoşulmuş kütləvi xidmət müəssisələrinin xeyrinə qəbul edilən ödənişlər haqqında məlumatlar 30 saniyə ərzində həmin təşkilatlara çatdırılır. Eyni zamanda iştirakçı təşkilatların daxili informasiya sistemi ilə yaradılmış yüksək səviyyəli məlumat mübadiləsi interfeysi vasitəsilə bu təşkilatların elektron abonent bazasında baş verən dəyişikliklər real rejimdə mərkəzi informasiya bazasına ötürürülür.
Respublikada kommunal xidməti sektorunda fəaliyyət göstərən “Bakıelektrikşəbəkə” ASC, ARDNŞ-nin “Azəriqaz” İB, “Azərsu” ASC və “Azərenerji” ASC kimi əsas təşkilatlar sistemə inteqrasiya olunmuş, toplam olaraq 4 mln-a yaxın abonent haqqında məlumat sistemə yüklənmişdir. Artıq “Bakıelektrikşəbəkə” ASC, ARDNŞ-nin “Azəriqaz” İB və “Azərenerji” ASC üzrə bütün xidmət zonaları əhatə edilmişdir, “Azərsu” ASC ilə bu istiqamətdə işlər davam etdirilir. Sistemə qoşulmuş 35 bank və Azərpoçt MMC-nin 700-ə yaxın ödəniş məntəqəsində bu təşkilatların abonentlərinə borclar haqqında məlumatlar çatdırılır və xidmət haqları qəbul edilir. Hal-hazırda sistemdə gündəlik emal olunan sənəd sayı 35-50 min arasında dəyişir. Həmçinin respublikada fəaliyyət göstərən “MilliKart” MMC və “AzəriCard “MMC kimi kart prosessinq mərkəzləri sistemə inteqrasiya olunmuş və bu mərkəzlərdə xidmət olunan bankların müştəriləri bankomat şəbəkəsindən və KÖMİS-in www.apus.az İnternet servis xidmətindən istifadə etməklə borcları haqqında məlumatları ala bilər, ödəniş kartları vasitəsilə ödənişlərini apara bilirlər.
Kommunal xidməti müəssisələri tərəfindən SMART tipli elektron sayğaclardan istifadə edilməsinin geniş yayılmasını nəzərə alaraq, KÖMİS-də bu tipli sayğaclarla xidmət olunan abonentlərdən ödənişlərin qəbul edilməsi üçün sistemin imkanlarının təkmilləşdirilməsi üzrə işlər aparılmışdır. Layihə bu tipli sayğacların geniş tətbiqi ilə məşğul olan sistemə yeni qoşulmuş “Azərenerji” ASC-nin timsalında həyata keçirilmişdir. “Azərenerji” ASC, həmçinin digər kütləvi xidmət müəssisələrində bu istiqamətdə hazırlıq işləri başa çatdırılan kimi yeni yaradılmış funksionalın real istismarına başlanılacaqdır.
|