Azenru

“Görəcəyimiz işdən dövlət büdcəsi 40 milyon manat qazanacaq”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  bu il fevralın 15-də imzaladığı sərəncama əsasən, “Dövlət satınalmaları haqqında” Qanunda dəyişikliklər edilmişdir. Qanunda olan dəyişikliklər bilavasitə yerli istehsalçıların dəstəklənməsinə və ölkə iqtisadiyyatının müxtəlif seqmentlərinin stimullaşdırılmasına yönəldilmişdir. Cənubi Qafqaz regionunun aparıcı şirkətlərindən olan SİNAM-ın prezidenti Elçin Əliyev dəyişikliklərin Azərbaycan istehsalçıları üçün üstünlükləri haqqında suallarımızı  cavablandırdı.

– Elçin müəllim, sizin bir sahibkar kimi “Dövlət satınalmaları haqqında” Qanunda olan son dəyişikliklərlə bağlı fikrinizi bilmək istərdik.

– Həmin dəyişiklikləri son dərəcə müsbət qarşılayıram. Bu yalnız mənim deyil, ümumiyyətlə, bütün yerli istehsalçıların mövqeyi hesab oluna bilər. Bildiyiniz kimi, qəbul edilmiş dəyişikliklərə əsasən, satın alan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.

Yəni artıq yerli və xarici istehsalçının təklif etdiyi mal və ya xidmət keyifiyyətinə görə eyni olarsa və hətta yerli istehsalçının maliyyə təklifi 20 faizədək artıq olarsa, dövlət qurumları yerli istehsalçıdan mal, yaxud xidmət almalıdır. Hesab edirəm ki, ölkə başçısının bu qərarı Azərbaycan iqtisadiyyatının müxtəlif seqmentlərində fəaliyyət göstərən müxtəlif şirkətlərin inkişafında yeni mərhələ ola bilər. Etiraf etməliyik ki, Azərbaycanda xarici istehsalçıya daimi olaraq daha böyük etimad göstərilib. Bu, həm sıravi istehlakçılar, həm də şirkət və dövlət qurumları səviyyəsində özünü büruzə verirdi. Bir çox hallarda yerli istehsalçının təklif etdiyi xidmət, yaxud məhsul qiymət-keyfiyyət nöqteyi-nəzərindən daha sərfəli olsa da müxtəlif səviyyəli tenderlərdə xarici istehsalçılara üstünlük verilirdi. Əsas arqument isə “xarici istehsalçının təklifi daha bahalı olsa da keyfiyyəti yüksəkdir” idi. Lakin indi şərait dəyişib və Azərbaycan artıq bir müddətdir ki,  davamlı olaraq inkişaf edir və ölkədə son texnologiyalara əsaslanaraq müasir istehsal qurulmuş, peşəkar kadrlar yetişmişdir.

Bununla yanaşı, mən cənab Prezidentin iqtisadiyyatın stimullaşdırılması istiqamətində atdığı digər addımları da xüsusi qeyd etmək istəyirəm. İnvestisiyaların təşviqi, avadanlıqların rüsumsuz ölkəyə idxalı az bir zamanda iqtisadiyyatda nəzərəçarpacaq dərəcədə dönüş yaratmalıdır. İxrac potensialının artırılması naminə subsidiyaların tətbiqi də yerli istehsalçıların işini stimullaşdıracaqdır. Hesab edirəm ki, elm tutumlu yüksək texnologiya məhsulları da subsidiyalaşdırılmalıdır və bu, öz növbəsində, insan kapitalı üzərində qurulan “yeni iqtisadiyyatın” davamlı inkişafına dəstək verəcəkdir. Milli istehsalçılar üçün son dərəcə əlverişli olan bu dəyişikliklərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə bir sahibkar kimi öz minnətdarlığımı bildirirəm.

– Fəaliyyət göstərdiyiniz yüksək texnologiyalar sahəsində yerli şirkətlərin səviyyəsini və onların xarici qurumlarla rəqabətədavamlılığını necə qiymətləndirirsiniz?

– Yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksək texnologiyalar sahəsində özünü daha artıq büruzə verir. Bilirsiniz ki, SİNAM şirkəti uzun illərdir nəinki Azərbaycanda, həmçinin Asiya ölkələrində, Gürcüstanda, Türkiyədə uğurla müxtəlif layihələr həyata keçirir. Bir sıra layihələrimiz Dünya Bankı və Asiya İnkişaf Bankı kimi mötəbər beynəlxalq maliyyə qurumlarının birbaşa nəzarəti altında reallaşdırılıb. Önəmlisi odur ki, biz tək deyilik, Azərbaycanda digər peşəkar səviyyəli şirkətlər də vardır. Biz və Azərbaycanın digər informasiya texnologiyaları  şirkətləri artıq Avropa, Asiya və Afrika bazarlarında öz məhsullarını təklif edirlər. Bu sahədə artıq reallaşmış layihələrimiz də var. Bununla belə, deməliyik ki, ölkədaxili layihələrdə bəzi hallarda yerli şirkətlərin yüksək səviyyəsinə baxmayaraq, xarici istehsalçılara üstünlük verilir. Əminəm ki, “Dövlət satınalmaları haqqında” Qanunda olan dəyişikliklər bu vəziyyəti dəyişməyə şərait yaradacaqdır.

– SİNAM şirkətinin iştirak etdiyi konsorsium torpaqların elektron kadastrının hazırlanması üzrə tenderdə iştirak edir.  Konsorsiumun tərkibi barəsində nə deyə bilərsiniz?

– Biz önəmli layihələrdə hər zaman təcrübəli tərəfdaşlarla birgə iştirak etməyə üstünlük veririk. Bu layihə də istisna deyil. SİNAM - DATUM - Azərkosmos komandası layihənin predmeti sahəsində böyük təcrübəyə və texniki imkanlara malik ən qabaqcıl Azərbaycan şirkətlərindəndir. Məncə, Azərkosmosu ayrıca təqdim etməyə ehtiyac yoxdur, SİNAM və DATUM şirkətləri isə CİS və xəritəçəkmə sahəsində həm Azərbaycanda, həm də xaricdə uğurlu layihələri ilə tanınmış şirkətlərdir. Məsələn, bizim şirkət Azərbaycanın rəqəmsal xəritəsini, Gürcüstanın naviqasiya xəritəsini, Əfqanıstanın paytaxtı Kabil şəhərinin ünvan reyestrinin metodologiyasını hazırlamışıq. Konsorsiumun digər iştirakçısı olan DATUM şirkəti Azərbaycanda torpaq kadastrı sahəsində müxtəlif layihələr, o cümlədən, Gəncə şəhərinin torpaq kadastrını yaratmışdır.

– Elektron kadastr üzrə tenderdə qalib gəlsəniz layihəni tam olaraq yerinə yetirə biləcəksinizmi?

– Fəaliyyət göstərdiyimiz 22 il ərzində SİNAM öz üzərinə götürdüyü bütün layihələri yüksək keyfiyyətlə yerinə yetirmişdir. Reallıq belədir ki, bizimlə əməkdaşlığa başlayan  sifarişçilər sonradan yeni layihələrdə də tərəfdaşlığı davam etdirirlər və bu da peşəkarlığımızın bir təsdiqidir. Ona görə də əminliklə qeyd etməliyəm ki, biz tender tapşırığına uyğun işləri təcrübəmizə əsaslanaraq yüksək keyfiyyətlə görməyə hazırıq. Həm mütəxəssislərimizin bilik səviyyəsinin daim artırılması ilə ciddi məşğul olur, həm də lazım gəldikdə ekspertlərin, eyni zamanda, beynəlxalq ekspertlərin cəlb edilməsi praktikasından istifadə edirik. Qeyd etmək istəyirəm ki, SİNAM-ın mütəxəssisləri də  beynəlxalq layihələrdə, məsələn,  Mərkəzi Asiyada, Əfqanıstanda Türkiyədə keçirilən layihələrdə ekspert qismində  iştirak  edirlər.

Bununla yanaşı, digər iştirakçılardan fərqli olaraq “SİNAM-DATUM- Azərkosmos” daha sərfəli qiymətlərlə tenderdə iştirak edir. Bizim maliyyə təklifimiz ən yaxın rəqib qiymətdən 2,8 dəfə ucuzdur. Çünki biz qiymət təklifini formalaşdıranda hazırki iqtisadi durumu, enerji daşıyıcılarının qiymətləri ilə bağlı dövlət büdcəsinin vəziyyətini də nəzərə almışıq. Əgər rəqəmlərlə söyləsək,  qiymətimiz  başqa ən sərfəli təklifdən 40 milyon manat ucuzdur. Lakin bununla belə bizim qiymət təklifində əməkdaşlar üçün kifayət qədər yüksək əməkhaqqı və keyfiyyətli mal-materiallardan istifadə nəzərə alınmışdır.   Əmin ola bilərsiniz ki, biz tender tapşırığını tam formatda və həmişə olduğu kimi yüksək peşəkar səviyyədə yerinə yetirəcəyik. Azərbaycan hökuməti qənaət olunmuş 40 milyon manatı ölkəmizin digər sahələrinə yönəldə və inkişaf naminə investisiya edə bilər.

– Fevral ayında SİNAM şirkətinin 22 yaşı tamam olur. Bu münasibətlə sizi təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayırıq.

– Təşəkkür edirəm. Bizim missiyamız Azərbaycanda və onun hüdudlarından kənarda elektron hökumət texnologiyalarını tətbiq etməkdir. Əminəm ki, biz yaxın 10 il ərzində öz əhatə dairəmizi nəzərəçarpacaq dərəcədə genişləndirərək inkişaf etməkdə olan ölkələrə elektron hökumət qurmağa kömək edəcəyik. Bunun üçün bizim həm 22-illik təcrübəmiz, həm də rəqabətə dözə bilən keyfiyyətli və qənaətcil texnoloji layihələrimiz vardır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Mənbələr:

Seçmə Proqram Təminatı

Partnyorlarımız